DÜNYA
Cari ildə dünyada baş vermiş fəlakətlər nəticəsində dəyən ümumi zərərin məbləği 222 milyard dollar təşkil edir
Bakı, 2 dekabr (AZƏRTAC). Dünya miqyasında 2010-cu ildə baş vermiş təbii və texniki fəlakətlərin ümumi zərəri təqribən 222 milyard dollar dəyərində hesablanmışdır. Qeyd edək ki, ötən il bu rəqəm 63 milyard dollar olmuşdur.
AZƏRTAC xarici KİV-lərə istinadla xəbər verir ki, İsveçrənin Swiss Re sığorta şirkətinin hazırladığı hesabata görə, bu il baş vermiş fəlakətlər nəticəsində sığorta şirkətlərinə dəyən ümumi zərərin miqdarı ötən ildəkinə (27 milyard dollar) nisbətən 34 faiz artaraq, 36 milyard dollara çatmışdır. Bunun 31 milyard dolları təbii fəlakətlər, 5 milyard dolları isə insanların fəlaiyyəti nəticəsində yaranan fəlakətlərin payına düşür.
Bu ilin 11 ayında baş vermiş 8 fəlakətin hər birinin zərəri 1 milyard dollardan çox olmuşdur. Ən çox zərərə səbəb olan fəlakət fevralda Çilidə baş vermiş zəlzələ olmuşdur. İlk hesablamalara görə sığorta şirkətləri bu fəlakət zamanı 8 milyard, Yeni Zelandiyadakı zəlzələdə 2,7 milyard, Avropada baş vermiş fırtınada isə 2,8 milyard dollar zərərə uğramışlar.
Meksika körfəzindəki neft sızmasından zərər çəkən mülk sahiblərinə sığorta şirkətləri 1 milyard dollar vəsait ödəmişlər.
Qeyd olunmuşdur ki, fəlakətlər təqribən 260 min şəxsin həyatına son qoymuşdur. Bu, 1976-cı ildən sonra ən yüksək rəqəmdir. Ötənilki fəlakətlər zamanı 15 min nəfər həlak olmuşdur.
Hesabatda göstərilmişdir ki, bu ilin yanvarında Haitidə baş vermiş zəlzələ 222 min 570 nəfərin, Rusiyadakı hədsiz istilər 15 min nəfərin, Pakistan və Çindəki sel isə 6 min 225 nəfərin həyatına son qoymuşdur.
Swiss Re şirkətinin araşdırmasında fəlakətlərin çox olmasına görə, rəqəmlərin dəyişə biləcəyi də diqqətə çatdırılmışdır.