REGİONLAR
Cari ildə Tovuzda 2 ton barama istehsal olunacaq
Tovuz, 16 aprel, Famil Quliyev, AZƏRTAC
Ölkədə qeyri-neft sektorunun inkişaf etdirilməsi ilə bağlı həyata keçirilən tədbirlər çərçivəsində digər sahələrlə yanaşı, Azərbaycanda qədim ənənələrə malik ipəkçiliyin dirçəldilməsi dövlətimizin başçısı tərəfindən prioritet vəzifələrdən biri kimi müəyyən edilib.
AZƏRTAC xəbər verir ki, bu barədə Tovuz Rayon İcra Hakimiyyətində barama istehsalı ilə məşğul olacaq sahibkarlarla keçirilən seminar-müşavirədə məlumat verilib.
Müşavirəni rayon icra hakimiyyətinin başçısı Tofiq Zeynalov açaraq bildirib ki, bu il rayonda kənd təsərrüfatının digər sahələri kimi, ipəkçiliyin inkişafına da diqqət yetiriləcək. Rayonda cari ildə 2 ton barama istehsal olunacağı nəzərdə tutulub.
Seminar -müşavirədə baramaçılara ipək qurdlarının saxlanılması istiqamətində məsləhətlər verilib.
Sahibkarlar ölkə üçün valyuta gətirəcək barama istehsalını dəstəklədiklərini bildiriblər.