İQTİSADİYYAT
Cari ilin 9 ayında Vergilər Nazirliyinin saytına 3 milyondan çox müraciət olunub
Bakı, 3 noyabr, AZƏRTAC
Cari ilin 9 ayında istifadəçilər Vergilər Nazirliyinin internet saytına 3 milyon 446 min 389 dəfə daxil olaraq müxtəlif xidmətlərdən istifadə ediblər.
AZƏRTAC “vergilər.az” saytına istinadla bildirir ki, “Sual-cavab” bölməsinə vergi qanunvericiliyi və inzibatçılığı barədə daxil olan 1045 müraciət, “Onlayn bələdçi” xidmətinə edilən 16 min 468 müraciət qısa müddətdə cavablandırılıb. Dövlət saytları arasında internet resurslarının informasiya açıqlanması vəziyyətinin monitorinqlərinin nəticələrinə görə, Vergilər Nazirliyinin rəsmi internet saytı ardıcıl olaraq 8 dəfə ilin ən yaxşı internet resursu hesab edilib.
Cari ilin 9 ayı ərzində Çağrı Mərkəzi tərəfindən canlı rejimdə 163 min 836 müraciət cavablandırılıb, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 8,4 faiz çoxdur. Avtomatik rejimdə elektron operator tərəfindən 22 min 703 dəfə vergi borcu barədə məlumat verilib, vergiödəyicilərinin məlumatlandırılması üçün 1 milyondan çox SMS göndərilib.
Qeyd olunub ki, hazırda respublika üzrə vergiödəyiciləri üçün 57 xidmət mərkəzi fəaliyyət göstərir və bu mərkəzlər vergiödəyicilərinin praktiki məsələlərlə əlaqədar ən çox müraciət etdiyi yerdir. 2016-cı ilin yanvar-sentyabr ayları ərzində həmin mərkəzlərdə qəbul edilmiş vergiödəyicilərinin sayı 359 min 958 nəfər, göstərilən xidmətlərin sayı isə 570 min 733 olub.