SİYASƏT
Cari ilin yanvar ayı üzrə beynəlxalq və regional ictimai-siyasi proseslər təhlil edilmişdir
Bakı, 5 fevral (AZƏRTAC). Azərbaycanın ümumi potensialının və onun ayrı-ayrı istiqamətlərinin aşkarlanmasında, onların dünyaya təqdim olunmasında Prezident İlham Əliyevin şəxsi keyfiyyətlərinin müstəsna rolu olmuşdur.
AZƏRTAC xəbər verir ki, bu sözləri fevralın 5-də Siyasi İnnovasiyalar və Texnologiyalar Mərkəzinin (SİTM) sədri, politoloq Mübariz Əhmədoğlu 2013-cü ilin yanvar ayı üzrə beynəlxalq və regional ictimai-siyasi proseslərin təhlilinə həsr olunmuş analitik hesabatının təqdimatında demişdir.
Politoloq qeyd etmişdir ki, artıq Azərbaycan Prezidenti İlham Əliyevin Davos Dünya İqtisadi Forumunda iştirakı bir ənənə halını almışdır. Bu dəfə ki, forumda isə Davosun regional tədbirlərindən birinin Azərbaycanda keçirilməsi barədə qərar qəbul olunmuşdur. Bu, tarixi qərardır.
Avropa Şurası Parlament Assambleyasının Azərbaycan üzrə həmməruzəçilərinin hazırladıqları hesabatlara da toxunan SİTM-in sədri vurğulamışdır ki, orada Dağlıq Qarabağın işğal edilmiş ərazi kimi təqdim olunması və həmməruzəçilərin məsələyə münasibətlərinin dəyişməsi Ermənistanda ciddi narahatlığa səbəb olmuşdur.
M.Əhmədoğlu vurğulamışdır ki, ötən ay Azərbaycanın iqtisadiyyatı daha da inkişaf etmiş, beynəlxalq əlaqələri möhkəmlənmişdir.
Hesabatda dünyada və regionda cərəyan edən proseslər, həmçinin Azərbaycanın ABŞ, Rusiya, Gürcüstan, Türkiyə və İran ilə münasibətləri də təhlil olunmuşdur.