İQTİSADİYYAT
“Caspian Energy” jurnalının növbəti nömrəsi çapdan çıxmışdır
Bakı, 20 mart (AZƏRTAC). “Caspian Energy” jurnalının Xəzər dənizi - Qara dəniz regionu və Avropa İttifaqı ölkələri arasında qarşılıqlı iqtisadi əlaqələrə həsr olunmuş növbəti, 77-ci nömrəsi çapdan çıxmışdır.
AZƏRTAC xəbər verir ki, jurnalda Latviya Respublikasının baş naziri Valdis Dombrovskisin, ABŞ-ın Azərbaycandakı səfiri Riçard Morninqstarın, Rumıniyanın kommunikasiyalar və informasiya cəmiyyəti naziri Dan Nikin, Baden-Vürtemberq federal vilayətinin (Almaniya) ətraf mühitin, iqlimin və enerji sektorunun mühafizəsi naziri Frants Unterştellerin, Riqa şəhərinin meri Nil Uşakovun və başqalarının eksklüziv müsahibələri dərc edilmişdir.
“Caspian Energy” jurnalı dünyanın 50 ölkəsində yayılır. Jurnalın hər nömrəsində MDB və Aİ ölkələri prezidentlərinin və baş nazirlərinin, habelə iri transmilli şirkətlərin başçılarının müsahibələri, tanınmış ekspertlərin icmalları və analitik materialları dərc olunur.