ELM VƏ TƏHSİL
Cəfər Cabbarlı şəxsiyyət azadlığının və humanizmin tərənnümçüsü olub
Bakı, 25 noyabr, AZƏRTAC
Bakı Slavyan Universitetində (BSU) Azərbaycan filologiyası fakültəsinin dekanlığı, Azərbaycan ədəbiyyatı kafedrası və AMEA-nın Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun Ədəbiyyat nəzəriyyəsi şöbəsinin birgə təşkilatçılığı ilə “Əsrlərin, nəsillərin yaddaşında yaşayan Cəfər Cabbarlı” adlı tədbir keçirilib.
BSU-dan AZƏRTAC-a bildirilib ki, tədbirdə professor Tahirə Məmmədin “Cəfər Cabbarlı yaradıcılığında obrazların tipologiyası”, professor Nizami Məmmədovun “Cəfər Cabbarlı dramaturgiyası digər xalqların səhnəsində” mövzularında məruzələri dinlənilib. Cəfər Cabbarlının zəngin yaradıcılığına həsr olunmuş məruzələr iştirakçılar tərəfindən böyük maraqla qarşılanıb.
Cəfər Cabbarlı adına ev-muzeyinin direktoru, Əməkdar mədəniyyət işçisi Qəmər Seyfəddin qızı babası ilə bağlı ailə xatirələrindən, sənətkarın çətinliklərlə dolu həyatından danışıb, tədbirin təşkilatçılarına minnətdarlığını bildirib.
Filologiya və xarici dil müəllimliyi fakültəsinin dekanı, dosent Gültəkin Əliyeva, Azərbaycan ədəbiyyatı kafedrasının professoru Leyla İmaməliyeva, həmin kafedranın dosenti Fərrux Məmmədov çıxışlarında Cəfər Cabbarlının dramaturgiyası, elmi-tənqidi məqalələrinin müasirliyini və əhəmiyyətini vurğulayıblar.
Azərbaycan filologiyası fakültəsinin dekanı, professor Eldar Piriyev bildirib ki, Cəfər Cabbarlı şəxsiyyət azadlığının və humanizmin tərənnümçüsü olub, çoxcəhətli ədəbi və ictimai fəaliyyəti boyunca daim xalqımızın dünya mədəniyyəti səhnəsində layiqli mövqe qazanmasına çalışıb.
Tədbirdə BSU-nun Əsas kitabxanasının müdiri Səmayə Əliyeva tərəfindən hazırlanan Cəfər Cabbarlının kitablarından ibarət sərgi ilə tanışlıq olub.