İQTİSADİYYAT
Cəlilabad rayonunun Alar və Günəşli kəndlərinə ilk dəfə olaraq təbii qaz verilmişdir
Bakı, 17 noyabr (AZƏRTAC). Son bir ildə ARDNŞ-in “Azəriqaz” İstehsalat Birliyi (İB) tərəfindən Cəlilabad rayonunda təmir-bərpa və yenidənqurma işləri uğurla davam etdirilmişdir.
Şirkətin mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, noyabrın 17-də rayonun Alar və Günəşli kəndlərinə ilk dəfə olaraq təbii qaz verilmişdir. Bu münasibətlə keçirilmiş tədbirdə “Azəriqaz” İB-nin, Cəlilabad rayon rəhbərliyinin təmsilçiləri, ictimaiyyət nümayəndələri iştirak etmişlər. Bildirilmişdir ki, 1330 abonenti olan Alar kəndinin qazlaşdırılması məqsədi ilə birpilləli sistem əsasında ümumi uzunluğu 60 kilometr (km) olan müxtəlif diametrli daşıyıcı və məhəllədaxili qaz kəmərləri çəkilmiş, 1330 qaz sayğacı quraşdırılmışdır. 1154 abonenti olan Günəşli kəndinin qazlaşdırılması məqsədi ilə birpilləli sistem əsasında 51 km uzunluğunda müxtəlif diametrli daşıyıcı və məhəllədaxili qaz kəmərləri çəkilmiş, abonentlərin hamısı sayğaclaşdırılmışdır.
Tədbirdə çıxış edən kənd ağsaqqalları, ziyalılar, şəhid ailələrinin nümayəndələri Alar və Günəşli kəndlərinin ilk dəfə olaraq “mavi yanacaq”la təchiz olunmasına görə Prezident İlham Əliyevə minnətdarlıqlarını bildirmişlər.