MƏDƏNİYYƏT
Cəlilabadda “Gül bayramı” keçirilmişdir
Cəlilabad, 10 may (AZƏRTAC). Mayın 10-da Cəlilabad rayonundakı “Tut bağı” istirahət mərkəzində ümummilli lider Heydər Əliyevin anadan olmasının 91-ci ildönümünə həsr olunmuş Gül bayramı keçirilmişdir.
AZƏRTAC xəbər verir ki, mərasim iştirakçıları əvvəlcə Ulu Öndərin abidəsi önünə gül dəstələri düzərək xatirəsini ehtiramla yad etmişlər.
Tədbir iştirakçıları Alar kəndində yerləşən Heydər Əliyev adına 1 nömrəli Alar kənd orta məktəbinə gəlmiş, dahi rəhbərin büstünü ziyarət etmişlər.
Gül bayramında rayonunun ümumtəhsil məktəbləri şagirdlərinin müxtəlif çiçək və otlardan, bitkilərdən, yarpaqlardan hazırladıqları rəngarəng tablolar öz görünüşü və ifadəliliyi ilə seçilmiş, uşaq təxəyyülünün hədsiz imkanlarını nümayiş etdirmiş və hamıda xoş ovqat yaratmışdır.
Rayonun idarə və təşkilatlarının, ümumtəhsil məktəbləri kollektivlərinin, uşaq tərbiyə müəssisələri nümayəndələrinin hazırladıqları əl işlərindən ibarət və rəsm sərgisi də maraqla qarşılanmışdır.
Mərasimdə çıxış edənlər bildirmişlər ki, bütün şərəfli ömrünü Azərbaycan xalqının xoşbəxtliyi və firavanlığına, canından əziz bildiyi Vətəninin çiçəklənməsinə həsr etmiş dahi şəxsiyyət Heydər Əliyevin əziz xatirəsi qədirbilən xalqımız tərəfindən həmişə uca tutulur. Bu bayram Heydər Əliyev şəxsiyyətinə və dühasına xalq məhəbbətinin və minnətdarlığının böyük təntənəsidir.
Bayramsayağı bəzədilmiş istirahət mərkəzində güllərdən düzəldilmiş kompozisiyalar bu gözəl mənzərəyə tamaşa edənləri heyrətləndirmişdir.
Tədbirdə iştirak edən yaradıcı şəxslərin, məktəblilərin dahi rəhbərimizə həsr etdikləri sənət əsərləri də Ulu Öndərə tükənməz ümumxalq sevgisinin bariz nümunəsinə çevrilmişdir.
Mərasim bayram konserti ilə davam etdirilmişdir.