Cəlilabadda mal-qara oğurlayan dəstə saxlanılıb
Cəlilabad, 11 sentyabr, Bağır Əliyev, AZƏRTAC
Cəlilabad Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində rayon ərazisində mal-qara oğurluğu ilə məşğul olan 5 nəfərdən ibarət dəstənin üzvləri saxlanılıb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Lənkəran regional qrupundan AZƏRTAC-ın bölgə müxbirinə verilən məlumata görə, Cəlilabad Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri ilə rayonun Uzuntəpə və Maşlıq kəndlərindəki ayrı-ayrı təsərrüfatlardan gecə saatlarında iri və xırdabuynuzlu heyvanları oğurlayan Bakı şəhərinin Binə qəsəbəsinin sakinləri İbrahim Nuriyev, Mahir Balakişiyev, Eldar Əsgərov, Cəlilabad rayon sakinləri Maqsud Qəhrəmanov və Kərimov Elgün müəyyən edilərək saxlanılıblar.
Aparılan araşdırmalarla onların müxtəlif təsərrüfatlardan ümumilikdə 2 baş inək, 15 baş qoyun, 1500 manat dəyərində 20 kisə noxud və 1 evdən televizor oğurladıqları müəyyən edilib.
Araşdırmalarla, həmçinin oğurlanan mal-qaranın Bakı şəhərinə aparılaraq müxtəlif ünvanlardakı qəssablara satıldığı müəyyən edilib. Həmin heyvanlardan ikisi aşkarlanaraq sahibinə təhvil verilib.
Hazırda saxlanılan şəxslərin Cəlilabad və digər rayonlarda analoji cinayətlərdə iştirakının olub-olmadığı araşdırılır.