ELM VƏ TƏHSİL
Cəlilabadda şagird və tələbələrlə görüş
Bakı, 18 mart, AZƏRTAC
Cəlilabadda şagird və tələbələrlə görüş keçirilib.
Azərbaycan Dövlət Pedaqoji Universitetindən (ADPU) AZƏRTAC-a bildirilib ki, tədbirin keçirilməsi peşə təhsilinə marağın artırılması, tam orta təhsil pilləsində tədrisin keyfiyyətinin yüksəldilməsi, bununla yanaşı, regionlarda pedaqoji ixtisaslara olan tələblərə dair ümumi müzakirələrin aparılması məqsədi daşıyıb.
Açılış nitqi ilə çıxış edən Lənkəran–Astara Regional Təhsil İdarəsinin müdiri Bəhruz Mehdiyev və ADPU Cəlilabad filialının direktoru dosent Xudayar Sultanlı regionda şagirdlər üçün təhsil imkanları və son illərdə aparılan islahatlardan danışıblar. Eləcə də bu bölgədə Pedaqoji Universitetin filialının fəaliyyətinin rolundan bəhs olunub.
Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin (MÜTDA) direktor müavini Mehriban Vəliyeva təhsildə maarifçilik missiyası, MÜTDA-nın Ümumi təhsilin təşkili şöbəsinin müdir müavini Nurlan İsmayılbəyli müəllimlərin işə qəbulu (MİQ) imtahanlarının nəticələri haqqında məlumat veriblər.
Tədbirdə ADPU-nun strateji inkişaf məsələləri üzrə prorektoru Könül Pirverdiyeva şagirdlərin gələcək üçün praktik bacarıqlara yiyələnmələrindən, müəllim peşəsindən söhbət açıb. O, həmçinin MİQ imtahanlarında nəticələrin yüksəldilməsi üçün diqqət edilməli məqamlara toxunub.
Çıxışlarda ucqar regionlarda, o cümlədən cənub bölgəsinin rayonlarında müəllim kadrlarına olan tələbat və bəzi yerlərdəki müəllim çatışmazlığı diqqətə çatdırılıb. Tədbirdə iştirak edən pedaqoji ixtisaslarda təhsil alan tələbələrə region məktəblərindəki iş imkanlarını dəyərləndirmələri ilə bağlı çağırışlar edilib.
Tədbirdə 400-dən çox məktəbli, 200-dən çox tələbə iştirak edib.