Cəlilabadda şəhid ailəsi ziyarət olunub
Bakı, 17 iyun, AZƏRTAC
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin sədri Vüqar Behbudov Vətən müharibəsində şəhid olan Kamran İsgəndərlinin Cəlilabad şəhərində yaşayan ailə üzvlərini ziyarət edib.
Agentliyin İctimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, görüşdə şəhidin keçdiyi şərəfli döyüş yolundan bəhs olunub. Vətən uğrunda qurban gedən şəhidlərin əziz xatirəsinin hər kəsin qəlbində əbədi olaraq yaşayacağını vurğulayıb.
V.Behbudov ailənin sosial vəziyyəti ilə maraqlanıb və dövlət tərəfindən sosial dəstək tədbirləri ilə əhatə olunan ailənin yaşayışının daim diqqətdə saxlanacağını qeyd edib.
Qeyd edək ki, könüllü olaraq cəbhəyə yollanan Kamran İsgəndərli Füzuli istiqamətində gedən döyüşlərdə şəhid olub. Ölümündən sonra Prezident İlham Əliyevin sərəncamları ilə “Vətən uğrunda” və “Cəsur döyüşçü” medalları ilə təltif edilib.