İQTİSADİYYAT
Cəlilabadda yeni emal müəssisələrinin yaradılması məqsədi ilə sahibkarlara güzəştli kreditlər verilmişdir
Bakı, 9 mart (AZƏRTAC). İqtisadi İnkişaf Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu “Sahibkarlığın inkişafına dövlət dəstəyi” mövzusunda növbəti tədbirini Cəlilabadda keçirmişdir.
Tədbirdə 100-dək sahibkar iştirak etmişdir.
Nazirliyin mətbuat xidmətindən AZƏRTAC-a bildirmişlər ki, əvvəl Cəlilabadda əsas hissəsi Sahibkarlığa Kömək Milli Fondunun güzəştli kreditləri hesabına maliyyələşdirilmiş müasir soyuducu və taxıl anbarı komplekslərinin fəaliyyətinə baxış keçirilmişdir.
Çıxış edənlər Cəlilabadda görülən işlər və həyata keçiriləcək tədbirlər barədə məlumat vermişlər.
Tədbirdə müvəkkil kredit təşkilatları vasitəsilə Cəlilabad və ətraf rayonlarda fəaliyyət göstərən 44 sahibkara 615 min manat güzəştli kredit verilmişdir. Bu kreditlər hesabına 100-ə yaxın yeni iş yerinin yaradılması nəzərdə tutulur. Kreditlər əsasən heyvandarlıq, quşçuluq, üzümçülük, toxumçuluq, tərəvəzçilik, tikinti materialları istehsalı və s. sahələrə yönəldiləcəkdir.