REGİONLAR
Cəlilabadda yetişdirilən kartof Rusiya bazarlarına ixrac olunur
Cəlilabad, 2 iyun, Bağır Əliyev, AZƏRTAC
Bir neçə gündür Cəlilabad rayonunda açıq sahələrdə yetişdirilən yazlıq kartof məhsulunun yığımına başlanıb.
AZƏRTAC xəbər verir ki, yetişdirilən kartofun məhsuldarlığı ötən illə müqayisədə aşağı olsa da, qiymətlərin stabil qalması fermerlərin ürəyincədir. Əsasən Rusiya bazarlarına ixrac olunan kartofun bir kiloqramı 80 qəpiyə satılır.
Məhsul istehsalçıları yetişdirdikləri məhsulu elə sahələrdə iş adamlarına satırlar. Bu, onları əlavə xərclərdən azad edir.
Əslində kartofun yüksək məhsuldarlıq dövrü iyun ayında olsa da, Rusiya bazarlarında bu məhsula tələbatın çox olması kartofun daha tez yığılmasına marağı artırıb. Bir hektar sahədən orta hesabla 18 ton məhsul yığılır.
Qeyd edək ki, Cəlilabadda yetişdirilmiş kartof məhsulunun qəbulu yenicə yaradılmış dövlət tədarük məntəqələrinin regional bölmələrində də həyata keçiriləcək.