Cəlilabadın Edişə kəndində “Şəhid bulağı” açılıb
Cəlilabad, 25 oktyabr, Bağır Əliyev, AZƏRTAC
Cəlilabad rayonunun Edişə kəndində şəhid Əsgər Məmmədovun adını əbədiləşdirmək məqsədilə tikilmiş “Şəhid bulağı”nın açılış mərasimi keçirilib.
Bu münasibətlə keçirilən mərasimdə Cəlilabad Rayon İcra Hakimiyyətinin başçısı Rafiq Cəlilov, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri, şəhid ailəsinin üzvləri, kənd sakinləri və ictimaiyyət nümayəndələri iştirak ediblər.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, mərasimdə çıxış edənlər ötən il sentyabrın 27-də başlayan və tarixə 44 günlük müharibə kimi düşən Vətən müharibəsində Azərbaycan Ordusunun qazandığı şanlı Qələbədən, şəhidlərin gənclərə nümunə olan qısa, lakin şərəfli ömür yollarından danışıblar.
Çıxışlarda Vətən müharibəsində şəhidlərin qanının yerdə qalmadığı, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə torpaqlarımızın işğaldan azad edildiyi bildirilib, Qələbənin tarixi əhəmiyyəti xüsusi vurğulanıb.
Diqqətə çatdırılıb ki, Əsgər kimi igid oğullarımızın sayəsində Azərbaycan Ordusu Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında Zəfər Gününü tarixə yazıb. Bizə Qələbə sevincini yaşadan şəhidlərin xatirəsi xalqımızın qəlbində daim yaşayacaq.
Şəhid Əsgər Məmmədovun atası Zaur Məmmədov çıxış edərək ölkəmizdə şəhid ailələrinə və müharibə iştirakçılarına göstərilən diqqət və qayğıya görə dövlətimizin başçısına minnətdarlığını bildirib.
Məktəblilər Vətənə, ordumuza, şəhidlərimizə həsr olunan şeirlər söyləyiblər.