CƏMİ 99 AVROLUQ VİLLA
Vyana, 22 yanvar (AZƏRTAC). Avstriyada qeyri-adi hadisə mətbuatın böyük diqqətinə səbəb olmuşdur. Ölkənin Karintiya federal əyalətində füsunkar Vörterzee gölü sahilində yerləşən 400 kvadratmetrlik villanın sahibi xanım Traude Daniel binanı satmaq üçün ölkə tarixində ilk dəfə olaraq qeyri-ənənəvi üsul seçmişdir: lotereya uduşu.
T.Daniel hər biri 99 avro dəyərində olan 9999 ədəd lotereya biletini hələ ötən ilin sonlarında Maliyyə Nazirliyinin müvafiq icazəsi əsasında uduşa çıxarmış və cəmi iki gün sonra bütün biletlər satılıb qurtarmışdır. İnternet vasitəsilə satışa çıxarılan lotereya biletləri üçün qeydiyyatdan keçənlərin sayı 15 min nəfərdən artıq olmuşdur. Bilet əldə edə bilməyən şəxslərə isə ödədikləri məbləğ (ümumilikdə təxminən yarım milyon avro) geri qaytarılmışdır.
Mütəxəssislər tərəfindən villanın real dəyəri 836 min avro hesablansa da, beynəlxalq maliyyə böhranının hökm sürdüyü bir dövrdə müştərilər tərəfindən həmin dəyərin yalnız yarısı təklif olunurdu. Bu səbəbdən də Danielin ailəsi qeyri-adi vasitəyə əl atmaq məcburiyyətində qalmışdır. Bütün vergilər və rüsumlar ödəndikdən və müvafiq qeydiyyat işləri aparıldıqdan sonra ailəyə 750 min avro təmiz gəlir qalacaqdır və T.Daniel jurnalistlərə bu məbləğin onları tamamilə qane etdiyini bildirmişdir. Yeni sahibin görməli olduğu yeganə iş isə villanın açarlarını keçmiş sahibindən qəbul etmək olacaqdır.
Villanın yeni sahibi lotereyada bəxti gətirdiyindən diş həkiminin qəbulunda olarkən xəbər tutmuşdur. Notariusun xoş xəbərini dostlarının zarafatı kimi qəbul edən 50 yaşlı Valter Eqqer yalnız evdə elektron poçtunu yoxladıqdan sonra villaya sahib olduğuna inanmışdır.
Çoxları Eqqer ailəsinin sevincinə şərik olsa da, bu hadisə daşınmaz əmlak bazarında fəaliyyət göstərən dəllal firmaları tərəfindən heç də xoş xəbər kimi qarşılanmamışdır. Dəllallar bundan sonra daha çox daşınmaz əmlak sahiblərinin satış üçün lotereya variantına əl atacağından və bununla da onların müştəri bazarına böyük zərbə dəyəcəyindən ehtiyatlanırlar.
Qeyd edək ki, Avstriya qanunlarına görə, istənilən şəxs Maliyyə Nazirliyindən müvafiq icazəni aldıqdan sonra notarius nəzarəti altında öz mülkiyyətində olan hər şeyi satmaq hüququna malikdir.
Elgün Niftəliyev
AZƏRTAC-ın xüsusi müxbiri
Vyana
######
