REGİONLAR
Cənub bölgəsində “Şümşad odlucası”na qarşı mübarizə tədbirləri görülür
Bakı, 16 may, AZƏRTAC
Cənub bölgəsində mövcud olan meşə təsərrüfatı sahələrində şümşad ağaclarının təhlükəli zərərvericilərdən qorunması istiqamətində mübarizə tədbirləri həyata keçirilir.
Kənd Təsərrüfatı Nazirliyindən AZƏRTAC-a bildiriblər ki, Dövlət Fitosanitar Nəzarəti Xidmətinin əməkdaşları tərəfindən Lənkəran, Astara, Masallı və Lerik rayonları ərazisində, ümumilikdə, 1250 hektar meşə təsərrüfatı sahəsində müşahidə işləri aparılıb. Müşahidə zamanı şümşad ağaclarının “Şümşad odlucası” adlanan zərərvericilərə yoluxduğu aşkar olunub.
Dövlət Xidmətinin Respublika Bitki Mühafizəsi mərkəzinin yerli qurumunun əməkdaşlarının həyata keçirdiyi təxirəsalınmaz tədbirlər nəticəsində Astarada 59, Lənkəranda 23, Masallıda isə 7 hektar meşə təsərrüfatı sahəsində adıçəkilən zərərvericilərə qarşı mübarizə tədbirləri görülüb.
Mübarizə tədbirləri “Skaut” tipli müasir və yüksək manevr qabiliyyəti olan çiləyici aqreqatlar vasitəsilə həyata keçirilir. Tədbirlərin əsas məqsədi zərərvericilərin respublika ərazisində yayılmasının, eləcə də kənd təsərrüfatına və ətraf mühitə dəyən ziyanın qarşısını almaqdan ibarətdir.
Hazırda adları qeyd edilən rayonlarda meşə təsərrüfatının zərərvericilərdən qorunması istiqamətində genişmiqyaslı mübarizə tədbirləri davam etdirilir.