İQTİSADİYYAT
“Cənub qaz dəhlizi” Avropanın enerji təhlükəsizliyində mühüm rol oynayacaqdır
İstanbul, 17 noyabr (AZƏRTAC). İstanbuldakı “Swiss” hotelində Atlantik Şurasının təşkilatçılığı ilə III Qara dəniz Enerji və İqtisadi Forumu davam edir.
Forumun iclasında Azərbaycan Dövlət Neft Şirkətinin (ARDNŞ) prezidenti Rövnəq Abdullayev çıxış edərək, ölkəmizin liderliyi ilə həyata keçirilən enerji layihələrindən bəhs etmişdir.
R.Abdullayev bildirmişdir ki, Azərbaycan ilə Türkiyə arasında Anadolunun şərq sərhədlərindən başlayaraq Qərbə doğru uzanan və Transanadolu qaz boru xətti adlanacaq layihə üzərində işlərə başlanılmışdır. Bakı-Tbilisi-Ceyhan xam neft və Bakı-Tbilisi-Ərzurum təbii qaz kəmərləri ilə Azərbaycanın və Türkiyənin regiondakı nüfuzunun artdığını da bildirən ARDNŞ-in prezidenti demişdir ki, indi Azərbaycan iqtisadi və maliyyə baxımından çox qüdrətli bir dövlətə çevrilmişdir. Bu iqtisadi tərəqqidə ARDNŞ-in də xüsusi yeri vardır. Şirkət Azərbaycan iqtisadiyyatı ilə yanaşı, Türkiyənin enerji sektoruna da böyük sərmayələr qoymuşdur.
Daha sonra ARDNŞ-in prezidenti bildirmişdir ki, Azərbaycan ilə Türkiyə arasında enerji sahəsində uğurlu əməkdaşlıq “Cənub qaz dəhlizi”nin formalaşmasında da davam edir. Bu iddialı, həm də strateji baxımdan mühüm dəhliz Avropanın enerji təhlükəsizliyində əhəmiyyətli rol oynayacaqdır. Azərbaycan, öz növbəsində, zəngin təbii qaz ehtiyatlarını uzun müddət üçün Türkiyə və Avropa bazarlarına çıxaracaqdır. Transanadolu qaz boru xətti Azərbaycan və Türkiyənin böyük uğuru sayıla bilər.
Oqtay Bayramov
AZƏRTAC-ın xüsusi müxbiri
İstanbul