İQTİSADİYYAT
“Cənub Qaz Dəhlizi” Məşvərət Şurasının ikinci iclasına dair hazırlıq işləri başa çatdırılıb
Bakı, 26 fevral, AZƏRTAC
Fevralın 29-da Bakıda keçiriləcək “Cənub Qaz Dəhlizi” Məşvərət Şurasının ikinci iclasına dair hazırlıq işləri başa çatdırılıb. Məşvərət Şurasının budəfəki toplantısı ötən dövr ərzində görülmüş işləri birgə nəzərdən keçirməklə yanaşı, bütün tranzit ölkələrdə qarşılaşılan çətinliklərin müzakirəsinə və çıxış yollarının birgə axtarışına imkan yaradacaq.
Energetika Nazirliyindən AZƏRTAC-a bildirilib ki, bu barədə energetika naziri Natiq Əliyev BP şirkətinin Azərbaycan, Gürcüstan, Türkiyə üzrə regional prezidenti Qordon Birrell ilə keçirdiyi görüşdə məlumat verib. Görüşdə son dövrlərdə neftin qiymətinin kəskin ucuzlaşması, bu vəziyyəti şərtləndirən səbəblər və neft hasil edən ölkələrin gələcək inkişaf prioritetləri və neft layihələrində iştirak edən xarici şirkətlərin gələcək əməkdaşlıq istiqamətləri müzakirə edilib.
Qlobal neft bazarında müşahidə edilən proseslər fonunda mövcud vəziyyəti dəyərləndirən N.Əliyev “qara qızıl”ın qiymətinin ucuzlaşmasının uzun müddət davam etməyəcəyini, gələn ildən etibarən neftin qiymətinin yüksələrək sabitləşəcəyini deyib.
BP-nin regional prezidenti Q.Birrell şirkətin fəaliyyətinin hazırkı vəziyyəti və “Cənub Qaz Dəhlizi” layihəsinin həyata keçirilməsi istiqamətində görülən işlər barədə məlumat verib.
N.Əliyev bildirib ki, “Cənub Qaz Dəhlizi” Məşvərət Şurasının ikinci iclasına hazırlıq işləri başa çatdırılıb. İclasda layihənin iştirakçısı olan ölkələrin enerji nazirlərinin və Avropa Komissiyasının enerji məsələləri üzrə vitse-prezidentinin, Beynəlxalq Maliyyə Korporasiyasının (BMK), Avropa Yenidənqurma və İnkişaf Bankının (AYİB), SOCAR, TANAP, TAP şirkətlərinin və digər beynəlxalq qurumların rəsmi nümayəndələrinin iştirakı gözlənilir.