İQTİSADİYYAT
Cənub qaz dəhlizi Məşvərət Şurasının ikinci iclasına dair son hazırlıq işləri müzakirə edilib
Bakı, 27 fevral, AZƏRTAC
Energetika Nazirliyində fevralın 29-da Bakıda keçiriləcək Cənub qaz dəhlizi Məşvərət Şurasının ikinci iclasına dair son hazırlıq işləri müzakirə edilib.
Nazirlikdən AZƏRTAC-a bildirilib ki, energetika naziri Natiq Əliyevin rəhbərliyi ilə keçirilən toplantıda SOCAR-ın nümayəndələri də iştirak ediblər. Müzakirələrdə iştirakçı ölkələri təmsil edəcək qonaqların dəqiqləşdirilməsi işinin başa çatdığı bildirilib. İclasda təşkilati məsələlər də müzakirə edilib və müvafiq tapşırıqlar verilib. Məşvərət Şurasının iclasının gündəliyi, çıxış mövzuları və birgə bəyannamə ilə bağlı fikir mübadiləsi aparılıb.
Qeyd edək ki, Cənub qaz dəhlizi Məşvərət Şurasının ikinci iclası üç plenar sessiya və “dəyirmi masa” üzrə keçiriləcək. Bundan başqa, iclas çərçivəsində birgə bəyannamənin imzalanması və Azərbaycanın energetika naziri Natiq Əliyevin, Avropa Komissiyasının enerji birliyi üzrə vitse-prezidenti Maroş Şevçoviçin və ABŞ Dövlət Departamentinin enerji ehtiyatları bürosunun xüsusi nümayəndəsi Amos Hoçsteynin KİV üçün birgə bəyanatla çıxışı nəzərdə tutulur.