SİYASƏT
Cənubi Afrika Respublikasında Azərbaycana və Novruz bayramına həsr olunmuş sərgi başa çatmışdır
Bakı, 18 mart (AZƏRTAC). Azərbaycan Respublikasının Cənubi Afrika Respublikasındakı (CAR) səfirliyinin və CAR-dakı “Azərbaycan dostları” Cəmiyyətinin bu ölkənin ən böyük ali təhsil ocaqlarından biri olan Pretoria Universitetinin mərkəzi kitabxanasında birgə təşkil etdiyi respublikamıza və Novruz bayramına həsr olunmuş sərgi başa çatmışdır.
Səfirlikdən AZƏRTAC-a bildirmişlər ki, sərgidə Novruz bayramını və ənənələri əks etdirən, Azərbaycanın və paytaxt Bakının tarixinə və müasir dövrünə həsr edilmiş fotoşəkillər nümayiş olunmuşdur. Ekspozisiyaya, həmçinin Heydər Əliyev Fondu tərəfindən ingilis dilində nəşr olunmuş Azərbaycanın tarixi, mədəniyyəti, təbii sərvətləri, habelə 20 Yanvar faciəsi, Xocalı soyqırımı, Ermənistan-Azərbaycan, Dağlıq-Qarabağ münaqişəsinə və digər mövzulara aid kitablar, milli geyimlərimiz və suvenirlər də daxil idi.
Xüsusi masada isə tələbələr və müəllimlər üçün Azərbaycana dair jurnal, fotoşəkillər, xəritələr və CAR-dakı “Azərbaycan dostları” Cəmiyyətinin Novruz bayramı və ölkəmiz ilə bağlı hazırladığı materiallar təqdim olunmuşdur. Kitabxanada yerləşdirilmiş beş monitorda Azərbaycana dair film də nümayiş edilmişdir.
Sərgi universitetin tələbə və müəllim heyəti tərəfindən böyük maraqla qarşılanmışdır. Sərgi ilə bağlı səfirliyin və “Azərbaycan dostları” Cəmiyyətinin internet səhifəsinə çoxsaylı məktub və suallar daxil olmuşdur.