DÜNYA
Cənubi Koreya parlamentinin sədri Yaponiya ilə mübahisənin həlli üçün xüsusi fondun yaradılmasını təklif edib
Tokio, 27 noyabr, AZƏRTAC
Cənubi Koreya parlamentinin sədri Yaponiya ilə müharibə vaxtı məcburi əməyə görə mübahisənin həlli üçün xüsusi fondun yaradılmasını təklif edib.
AZƏRTAC xəbər verir ki, bu barədə Yaponiya KİV-ləri Cənubi Koreya mətbuatına istinadla məlumat yayıb. Qeyd edilir ki, parlamentin sədri Mun Hi San yapon şirkətlərinə qarşı iddia qaldıranlara vəsaitin ödənilməsi məqsədilə “sakitləşdirici fond”un təsis edilməsi planını təklif edib.
Sədr tərəfindən hazırlanan qanun layihəsinə görə, yalnız Yaponiya və Cənubi Koreyanın şirkətləri və fiziki şəxsləri deyil, həmçinin hər iki ölkənin hökumətləri bu fonda vəsaitin toplanmasına cəlb ediləcəklər.
Cənubi Koreya KİV-lərinin bildirdiyinə görə, Mun Hi Sanın təklifi 255 milyon dollar miqdarında fondun yaradılmasını nəzərdə tutur.
Həmin fonda yığılan vəsait yapon şirkətlərinə qarşı artıq iddia qaldıranlarla yanaşı, həmçinin bunu etməyə hazırlaşan təqribən 1500 nəfərə ödənişlərin verilməsinə sərf ediləcək.
Qanun layihəsi, həmçinin Yaponiya tərəfinin “əyləncə üçün qadınlar” fonduna yönəltdiyi vəsaitin də bu yeni quruma yönəldilməsini nəzərdə tutur.
Vüqar Ağayev
AZƏRTAC-ın xüsusi müxbiri
Tokio