DÜNYA
Cənubi Koreyada COVID-19 xəstələri üçün özünümüalicə proqramına start verilib
Pekin, 10 fevral, AZƏRTAC
Cənubi Koreyada son vaxtlar COVID-19 virusuna yoluxmaların sürətlə çoxalması fonunda yüngül simptomlu xəstələr üçün tibbi nəzarətin və karantin tədbirlərinin azaldılmasına, habelə özünümüalicəyə start verilib.
AZƏRTAC Yonhap agentliyinə istinadla xəbər verir ki, səlahiyyətli qurumlar yoluxanların çoxalmasını əsas götürərək, tibbi resursları daha çox yüksək risk qrupundan olanlara yönəltməyə qərar verib. Ötən sutka ölkədə yoluxma sayı ilk dəfə olaraq 50 mini ötüb. Yoluxmaların belə çoxalmasına səbəb “omikron” ştamının dominantlıq etməsidir. Son 4 gündür sutkalıq yoluxma sayında antirekord qeydə alınır. Ötən həftə qeydə alınan yoluxmaların 92 faizi məhz “omikron” ştamı ilə bağlıdır. Ekspertlər fevralın sonunadək sutkalıq yoluxma sayının 170 minə çatacağını güman edirlər.
Hazırda Cənubi Koreyada ev şəraitində müalicə alan pasiyentlərin sayı 174 min nəfərdir. Tibbi heyət ev şəraitində müalicə alan pasiyentlərin sayının çoxluğundan yalnız xüsusi risk qrupundan olanlarla telefon vasitəsilə əlaqə yaradır və onları ehtiyac olan tibbi ləvazimat və dərmanlarla təmin edir.
Qeyd edək ki, Cənubi Koreyada COVID-19 virusuna qarşı vaksinasiya prosesi də davam edir. Əhalinin 86,1 faizi hər iki doza peyvəndi, 56 faizi isə “buster” dozanı qəbul edib.
Şahin Cəfərov
AZƏRTAC-ın xüsusi müxbiri
Pekin