DÜNYA
Cənubi Koreyada prezident seçkiləri ilə əlaqədar erkən səsvermə başlayıb
Pekin, 4 mart, AZƏRTAC
Cənubi Koreyada martın 9-da keçiriləcək prezident seçkiləri ilə əlaqədar 3 min 552 məntəqə üzrə erkən səsvermə prosesi başlayıb.
AZƏRTAC Yonhap agentliyinə istinadla xəbər ki, qanunvericiliyə uyğun olaraq hər bir vətəndaş könüllü şəkildə erkən səsvermədə iştirak edə bilər. Məntəqə seçki komissiyaları martın 4-də və 5-də yerli vaxtla səhər saat 6-dan axşam saat 6-dək açıq olacaq. Aktiv COVID-19 pasiyentlərinin məntəqələrdə səs verməsi üçün ayrıca vaxt müəyyən edilib. Özünütəcrid rejimində olan COVID-19 pasiyentləri erkən səsvermənin ikinci günündə (5 mart) və martın 9-da ümumi səsvermə günü axşamüstü saat 18:00-dan 19:30-dək məntəqələrdə səs verə biləcəklər. COVID-19 pasiyentlərinin səsvermədə iştirakı üçün xüsusi vaxtın ayrılması həmin vətəndaşların konstitusiya hüququndan istifadəsinə imkan yaratmaqla yanaşı, digər vətəndaşların yoluxanlarla təmasını minimuma endirmək məqsədi daşıyır. Bundan başqa, səsvermə zamanı yoluxmaların qarşısını almaq üçün vətəndaşlardan qoruyuculuq qabiliyyəti yüksək olan maska taxmaq, məntəqələrə fərdi nəqliyyat vasitələri ilə və ya piyada gəlmək tövsiyə olunub. Səlahiyyətli qurumlar məntəqələrdə sosial məsafənin saxlanılmasını, havalandırmanı və hər kəsin maska taxmasını nəzarətdə saxlayacaq.
Qeyd edək ki, Cənubi Koreyada martın 9-da ölkə tarixinin 20-ci prezident seçkisi keçiriləcək. Fevralın 15-dən namizədlərin 22 günlük seçkiqabağı təşviqat kampaniyasına start verilib. Bu, pandemiya dövründə Cənubi Koreyada keçirilən ikinci seçki olacaq. 2020-ci il aprelin 15-də Cənubi Koreyada parlament seçkisi keçirilib. Mütəxəssislər prezident vəzifəsi uğrunda mübarizənin hakim Demokrat Partiyasının təmsilçisi Li Ce-myunq və əsas müxalif qüvvə olan Xalqın Gücü Partiyasından Yun Suk-yol arasında gedəcəyini güman edirlər. Mərkəzçi Xalq Partiyasının namizədi Ahn Çol-su namizədliyini Yun Suk-yolun xeyrinə geri götürüb. Prezident vəzifəsi uğrunda Ədalət Partiyasının, habelə parlamentdə təmsil olunmayan partiyaların namizədləri də mübarizə aparır.
Xatırladaq ki, Cənubi Koreyada 1987-ci ildə qəbul edilmiş konstitusiyaya əsasən, prezidenti ölkə vətəndaşları birbaşa seçirlər. Prezidentin səlahiyyət müddəti 5 ildir və hər bir şəxs yalnız bir dəfə prezident vəzifəsini tuta bilər. Hazırkı Prezident Mun Ce-in xanım Park Kın Henin impiçment yolu ilə vəzifəsindən uzaqlaşdırılmasından sonra 2017-ci ildə keçirilmiş növbədənkənar seçkilərdə rəqiblərinə böyük üstünlüklə qalib gəlib.
Şahin Cəfərov
AZƏRTAC-ın xüsusi müxbiri
Pekin