SİYASƏT
CƏNUBİ QAFQAZDA ƏDLİYYƏ SİSTEMİNİN SƏMƏRƏLİLİYİNİN MÖHKƏMLƏNDİRİLMƏSİNƏ DAİR KONFRANS KEÇİRİLƏCƏKDİR
Avropa Şurası Gürcüstanın Ədliyyə Nazirliyi ilə birgə noyabrın 19-20-də Tbilisidə Cənubi Qafqaz ölkələrinin ədliyyə sisteminin səmərəliliyinin və müstəqilliyinin möhkəmləndirilməsi ilə bağlı konfrans keçirəcəkdir.
Avropa Şurasının Bakıdakı ofisindən AZƏRTAC-a bildirmişlər ki, tədbirdən məqsəd Cənubi Qafqaz ölkələrində ədliyyə, eləcə də qanunun aliliyi sahəsində əldə olunan irəliləyişlərin təhlil edilməsi və bu ölkələrin ədliyyə sistemində aparılan islahatlar üçün prioritetlərin müəyyənləşdirilməsidir. Konfransda hakimlərin peşəkarlıq səviyyəsinin və səlahiyyətlərinin artırılması məsələləri də müzakirə olunacaqdır.
Cənubi Qafqaz ölkələrinin Ədliyyə nazirliklərinin, Ali məhkəmələrinin, Baş prokurorluqlarının, İnsan Hüquqları üzrə müvəkkillərinin nümayəndələrinin iştirak edəcəkləri tədbirin açılışına Avropa Şurası baş katibinin müavini xanım Mod de Bur-Bukikkio da qatılacaqdır.