DÜNYA
Cənubi Sudanın prezidenti və qiyamçıların lideri həbi əməliyyatların dayandırılması barədə razılığa gəlmişlər
Bakı, 2 yanvar (AZƏRTAC). Cənubi Sudanın prezidenti Salva Kiir və qiyamçıların lideri Riek Maşar həbi əməliyyatların dayandırılması barədə razılığa gəlmiş və danışıqlar stolu arxasında oturmağa hazır olduqlarını bəyan etmişlər.
AZƏRTAC “Euronews” telekanalına istinadla xəbər verir ki, artıq münaqişə tərəflərinin nümayəndə heyətləri Həbəşistanın paytaxtı Əddis-Əbəbədə sülh danışıqlarına başlamışlar. BMT Baş katibinin Cənubi Sudandakı xüsusi nümayəndəsi Xild Yonson danışıqların vacibliyini qeyd edərək, bunu zorakılığın qarşısının alınması, ölkənin xilası üçün yeganə çıxış yolu kimi dəyərləndirmişdir.
BMT ekspertləri bildirirlər ki, əhaliyə tibbi yardım göstərilməsi, sanitariya problemlərinin həlli, ərzaq təminatı və qaçqın düşərgələri yaradılması üçün Cənubi Sudana 160 milyon dollardan çox vəsait lazımdır.
Qeyd edək ki, bu ölkədə silahlı toqquşmalar dekabrın 16-da başlamışdır.