İDMAN
“Cəsurlar” hərbi-idman və turizm yarışlarının Xətai rayon üzrə final mərhələsi keçirilmişdir
Bakı, 30 mart (AZƏRTAC). Xətai Rayon İcra Hakimiyyətinin təşəbbüsü ilə Müdafiə Nazirliyinin Cəmşid Naxçıvanski adına Hərbi Liseyində “Cəsurlar” hərbi-idman və turizm yarışlarının rayon üzrə final mərhələsi keçirilmişdir.
Yarışların məqsədi böyüməkdə olan gənc nəslin hərbi vətənpərvərlik ruhunda tərbiyəsinə diqqətin daha da artırılması, orta məktəb şagirdlərinin hərbi idman oyunlarına cəlb edilməsi, onların ordu sıralarında xidmətə hazırlanmasıdır.
Tədbirdə çıxış edənlər məktəblər arasında belə yarışların keçirilməsinin əhəmiyyətindən danışmışlar. Bildirilmişdir ki,
rayon məktəblərinin yarışmalarda əldə etdiyi nailiyyətlər, ali məktəblərə qəbul üzrə rayonun yüksək nəticə qazanması təhsil və idman sahəsində əldə edilən uğurların göstəricisidir.
Sonra Xətai rayonundakı 38 orta ümumtəhsil məktəbin 300-ə yaxın şagirdi arasında yarışlar başlamışdır.
Əvvəlcə komandalar təntənəli marşla tribuna önündən keçmişlər.
Komandalar iki mərhələdə 10 idman növü, o cümlədən sıra hazırlığı, tullanma, qaçış, çətin maneələri aşma, atıcılıq üzrə öz bacarıqlarını nümayiş etdirmişlər.
Yarışlar hakimlər tərəfindən beş ballıq sistem üzrə qiymətləndirilmişdir.
Qalib komanda Bakı zona birinciliyində iştirak edəcəkdir.