CƏMİYYƏT
Cəzaçəkmə müəssisələrində narkomaniyanın fəsadları ilə bağlı sosial lövhələr quraşdırılıb
Bakı, 26 iyul, AZƏRTAC
Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2019-2024-cü illər üçün Dövlət Proqramının müvafiq bəndinin icrası ilə əlaqədar Ədliyyə Nazirliyi Penitensiar Xidməti ilə Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının daimi fəaliyyət göstərən işçi qrupunun birgə əməkdaşlığı çərçivəsində Mühafizə Alayında, konvoy taborunda və cəzaçəkmə müəssisələrində sosial lövhələr quraşdırılıb.
Dövlət Komissiyasının daimi fəaliyyət göstərən işçi qrupundan AZƏRTAC-a bildiriblər ki, antinarkotik təbliğat işinin effektivliyinin artırılmasını təmin etmək məqsədi ilə quraşdırılan 18 ədəd yeni sosial lövhənin üzərində narkomaniya və narkotiklərin fəsadları barədə xəbərdaredici məlumatlar əks olunub.