ELM VƏ TƏHSİL
Cəzaçəkmə müəssisələrində təhsil alan şagirdlər üçün buraxılış imtahanları keçirilib
Bakı, 9 iyun, AZƏRTAC
Xəbər verdiyimiz kimi, Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) iyunun 2-də orta ümumtəhsil müəssisələrinin buraxılış siniflərində təhsil alan şagirdlər üçün mərkəzləşdirilmiş qaydada ilk buraxılış imtahanları keçirib.
TQDK-dan AZƏRTAC-a bildirilib ki, həmin gün, eyni zamanda, Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin tabeliyindəki 1, 2, 7, 10 və 11 saylı cəzaçəkmə müəssisələrində və tərbiyə müəssisəsində fəaliyyət göstərən xüsusi ümumtəhsil məktəblərində də buraxılış imtahanları keçirilib.
Həmin müəssisələrdə fəaliyyət göstərən 2, 20, 45, 82, 103 və 115 saylı xüsusi ümumtəhsil məktəblərində təhsil alan 9 və 12-ci sinif şagirdləri (156 nəfər ) ümumi qaydada imtahan veriblər. Şagirdlərdən 16-sı buraxılış imtahanında yaxşı nəticə əldə edərək bir və ya bir neçə fəndən “4” və “5” qiyməti alıblar.