CƏMİYYƏT
Cəzaçəkmə müəssisəsində “Həyatla oyun” tamaşası nümayiş olunub
Bakı, 20 aprel, AZƏRTAC
Ədliyyə Nazirliyinin Penitensiar Xidməti ilə Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının daimi fəaliyyət göstərən işçi qrupu arasında təsdiq olunmuş Tədbirlər Planının icrası çərçivəsində 4 saylı cəzaçəkmə müəssisəsində Bakı Uşaq və Gənclər Teatrının “Həyatla oyun” tamaşası nümayiş olunub.
Dövlət Komissiyasının daimi fəaliyyət göstərən işçi qrupundan AZƏRTAC-a bildiriblər ki, Bakı Uşaq və Gənclər Teatrının aktyorlarının ifasında canlandırılan əsasən maarifləndirmə funksiyasını yerinə yetirən tamaşada narkotik vasitələrdən sui-istifadənin fəsadları, narkotik vasitə istifadəçilərinin həyat tərzi əks olunub. Ssenaridə əsasən kiçik yaşlarında övladlarının təlim-tərbiyəsinə laqeyd qalan valideynlər və uşaqların zərərli vərdişlərə qarşı maarifləndirilməməsi qabardılıb.
Tamaşa qadın məhkumların marağına səbəb olub və alqışlarla qarşılanıb.
Sonda Dövlət Komissiyasının işçi qrupu tərəfindən yeni forma və üslubda hazırlanmış zəruri maarifləndirici çap məhsulları məhkumlar arasında paylanılıb.