DÜNYA
“ChatGPT” çat-botunun yeni rəqibi meydana çıxıb

Bakı, 5 mart, AZƏRTAC
Generativ süni intellekt sahəsində iri oyunçu olan “Anthropic” şirkəti özünün “Claude” çat-botunun yeni modelini təqdim edib.
AZƏRTAC xarici mediaya istinadla xəbər verir ki, şirkətin üç süni intellekt modeli - “Claude 3 Opus”, “Sonnet” və “Haiku” ən yüksək məhsuldar alətlərdir və insan intellektinə uyğun gəlmək qabiliyyəti üzrə liderlik edirlər.
2021-ci ildə təsis edilmiş “Anthropic” şirkəti “ChatGPT” çat-botunu icad edən “OpenAI” kompaniyasının keçmiş əməkdaşları tərəfindən təsis edilib və “Google” ona maliyyə vəsaiti verib. Bu şirkət, həmçinin yeni texnologiyaların hazırlanması üzrə “Amazon” ilə əməkdaşlıq edib.
Şirkətin fərqli xüsusiyyəti “ChatGPT” və digər çat-bot rəqibləri tərəfindən istifadə edilənlərdən daha sərt qaydalar qoymağa çalışan süni intellekt modellərinin istehsalıdır.
Bununla belə, bu yanaşma şəkillərin yaradılmasında böyük qeyri-dəqiqliklərə görə tənqid edilən “Google” kompaniyasının “Gemini” modelinin ötən ay buraxılmasından sonra müqavimətlə üzləşib.
Bəzi sənaye müşahidəçiləri, həmçinin şirkətlərin texnologiyanın pozulması və ya yanlış cavablar verməsi ilə bağlı mübahisələrə cavab olaraq daha sərt nəzarət tətbiq etdikləri üçün çat-botların daha az təsiredici olmasından şikayət edirlər.
“Anthropic” yeni modellərin əvvəlki versiyalarında problem olan uğursuzluqların qarşısını alacağını bildirib.
“Claude 3 Opus”, “Sonnet” və “Haiku” əvvəlki modellərlə müqayisədə sistemlərin müdafiə mexanizmləri ilə məhdudlaşdırılan sorğulara cavab verməkdən daha az imtina edir.
Şirkət bildirib ki, onun “Opus” modeli digər üç analoqu arasında ən güclüsüdür və riyaziyyat da daxil olmaqla, əsas göstəricilərdə öz həmyaşıdlarını üstələyə bilər.
Şirkət süni intellekt çat-botlarının ən böyük istehsalçılarından biri hesab olunur, habelə “Amazon” və onun bulud bölməsi AWS ilə sıx əlaqələrə malikdir. Bu, şirkətin intensiv hesablama əməliyyatlarına güc verir. Bundan əlavə, şirkət “Google” və Silikon vadisinin digər investorlarından sərmayələr alıb.
Rəqiblərindən fərqli olaraq, “Anthropic” şirkətinin “Claude” çat-botu şəkillər yaratmır və istifadəçilərə ondan yalnız təhlil üçün sorğu kimi istifadə etməyə imkan verir.
Qeyd edək ki, digər süni intellekt nəhəngləri kimi, “Anthropic” şirkəti də öz modellərini yaratmaq üçün onu müəllif hüquqları ilə qorunan materialı oğurlamaqda ittiham edən məzmun istehsalçılarının məhkəmələri ilə üzləşir.