ÇAYLARDA MONİTORİNQLƏR APARILIR
Bakı, 15 may (AZƏRTAC). Araz və Kür çaylarında və bu çaylara axan digər su mənbələrində dəqiq monitorinqlər aparılır, bunun nəticəsində də daşqınların baş vermə, çaylarda suyun artıb-azalma səbəbləri müəyyənləşir.
Bunu ekologiya və təbii sərvətlər naziri Hüseynqulu Bağırov mayın 15-də keçirdiyi mətbuat konfransında demişdir.
Nazir bildirmişdir ki, 28 çayda və bu çayları qidalandıran çaylar, su hövzələrində suyun gursululuğu öyrənilir. Son dövrlərdə çaylarda sululuğun kəskin artmasına əsas səbəb cari ilin yanvarından başlayaraq yağıntıların çox olmasıdır. İndiyədək may ayında dağlarda bu qədər zəngin qar örtüyü müşahidə olunmamışdır.
Nazirin sözlərinə görə, Kürün deltasının lillənməsini buna səbəb kimi sayıla bilməz. Kürün ağzının açılması müəyyən qədər kömək edə bilər, amma problemi tam həll edə bilməz.
H.Bağırov qeyd etmişdir ki, Azərbaycanda Kürü qidalandıran çayların axarında orta və kiçik həcmli su anbarları tikilərsə, bu ölkənin su ehtiyatlarını artıra bilər.