MƏDƏNİYYƏT
“Çe Gevaranın Fidel Kastroya vida məktubu” adlı miniatür kitabın təqdimatı keçirilmişdir
Bakı, 6 iyun (AZƏRTAC, Gözəl Ağayeva). İyunun 6-da Miniatür Kitab Muzeyində “Çe Gevaranın Fidel Kastroya vida məktubu” adlı miniatür kitabın təqdimatı keçirilmişdir.
AZƏRTAC xəbər verir ki, Miniatür Kitab Muzeyinin təsisçisi və yaradıcısı, Respublika “Kitab” Cəmiyyəti idarə heyətinin sədri, Əməkdar İncəsənət Xadimi Zərifə Salahova təqdimatı keçirilən kitabın yaranma tarixçəsindən söz açmışdır.
Diqqətə çatdırmışdır ki, 2013-cü ilin noyabrında Kubanın Santa-Klara şəhərində argentinalı inqilabçı və siyasətçi Ernesto Çe Gevaranın mavzoleyində olarkən ekspozisiyada gördüklərindən bərk təsirlənmiş və Kubanın Xalqlar Dostluğu İnstitutuna onun miniatür formada bioqrafiyasını nəşr etməyi təklif etmişdir. Bu ilin fevralında isə Havanada 23-cü Beynəlxalq kitab sərgisində Miniatür Kitab Muzeyi “Azərbaycan miniatür kitablarda və inciləri” ekspozisiyası ilə təmsil olunarkən bu mövzuya yenidən qayıtdım və mənə Ernesto Çe Gevaranın bioqrafiyası əvəzinə sözügedən məktubunu nəşr etmək təklifi olundu.
Zərifə Salahova vurğulamışdır ki, Çe Gevaranın Fidel Kastroya vida məktubu, şərəfli həyat yolu ilə hər kəs, xüsusilə gənc nəsil tanış olmalıdır.
Bildirilmişdir ki, miniatür kitab 40x45 mm ölçüdə, ispan, rus və ingilis dillərində “İndiqo” mətbəəsində nəşr edilmişdir. Miniatür kitabın forzasında Kubanın xəritəsi və bayrağı, üzündə Çe Gevaranın cəsarətli və iradəli simasının əks olunduğu plakat fotosu təsvir olunmuşdur. Ümumilikdə 130 səhifədən ibarət bu nəşrdə 20 ədəd ağ-qara fotoşəkil yer almış, kitab 100 nüsxə tirajla çap edilmişdir.
Mərasimdə Kuba Respublikasının Azərbaycandakı səfiri Omar Senon Medina Kintero, Əməkdar Jurnalist Elmira Əliyeva, Argentina Respublikasının ölkəmizdəki səfiri Karlos Dante Riva nəşrin əhəmiyyətindən və Çe Gevaranın qəhrəmanlıq yolundan söz açmışlar.
Bildirilmişdir ki, onun Fidel Kastroya epik formada olan məktubu humanizmlə doludur. Əslən argentinalı olan Çe Gevaranın inqilabi fəaliyyəti Kuba ilə bağlı olmuşdur. Onun da iştirak etdiyi Santa Klara şəhəri uğrunda döyüş Kuba inqilabında həlledici mərhələ olmuşdur. Təsadüfi deyildir ki, Çe Gevaranı həm də kubalı hesab edirlər.
Çıxışlarda Miniatür Kitab Muzeyinin təsisçisi və yaradıcısı, Respublika “Kitab” Cəmiyyəti idarə heyətinin sədri, Əməkdar İncəsənət Xadimi Zərifə Salahovanın miniatür kitabın nəşri ilə bağlı gördüyü iş yüksək qiymətləndirilmiş, ona təşəkkür edilmişdir.
Mərasimdə Çe Gevaranın Fidel Kastroya məktubu ispan və rus dillərində oxunmuşdur.