İQTİSADİYYAT
Çex şirkətləri Azərbaycanda qeyri-neft sektorunun müxtəlif sahələrində fəaliyyət göstərməkdə maraqlıdır
Bakı, 17 yanvar, AZƏRTAC
Çex şirkətləri Azərbaycanda qeyri-neft sektorunun müxtəlif sahələrində fəaliyyət göstərməkdə maraqlıdır.
AZƏRTAC xəbər verir ki, bu barədə iqtisadiyyat naziri Şahin Mustafayevin Çexiyanın sənaye və ticarət naziri Yan Mladekin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşündə deyilib.
Görüşdə Şahin Mustafayev Azərbaycan və Çexiya arasında əlaqələrin inkişaf etdiyini, 2015-ci ildə ölkələrimiz arasında strateji tərəfdaşlıq haqqında bəyannamənin imzalandığını qeyd edib, yüksək səviyyəli qarşılıqlı rəsmi səfərlərin əhəmiyyətini vurğulayıb. Bildirilib ki, ölkələrimiz arasında müvafiq müqavilə-hüquqi baza yaradılıb, sabah sayca 4-cü iclası keçiriləcək hökumətlərarası komissiya fəaliyyət göstərir. Azərbaycan ilə Çexiya arasında iqtisadiyyatın müxtəlif sahələrində, o cümlədən ticarət, enerji, investisiya qoyuluşu, kənd təsərrüfatı, maliyyə sahələrində, Tvinninq aləti çərçivəsində uğurlu əməkdaşlıq həyata keçirilir. Çexiya şirkətləri Azərbaycanda uğurla fəaliyyət göstərir, müxtəlif layihələrdə podratçı qismində iştirak edirlər. Maliyyə sahəsində əməkdaşlıq çərçivəsində Çexiya bankları tərəfindən ayrılmış vəsait hesabına Azərbaycanda infrastruktur və nəqliyyat sahəsində həyata keçirilən 7 layihədən 5-nin icrası başa çatıb, 2 layihənin icrası isə davam edir.
Şahin Mustafayev Azərbaycan-Çexiya əlaqələrinin genişləndirilməsi üçün fikirlərini bölüşərək qeyd edib ki, kənd təsərrüfatı, sənaye, turizm və s. sahələrdə əlaqələrin genişləndirilməsi üçün böyük imkanlar var. Vurğulanıb ki, çex şirkətləri Azərbaycanda yaradılan sənaye parklarına və aqroparklara investisiya yatıra, Azərbaycanın tranzit imkanlarından yararlana bilər. Bundan başqa, əczaçılıq, turizm və s. sahələrdə də əməkdaşlıq üçün imkanlar genişdir. Nazir Şahin Mustafayev Çexiya nümayəndə heyətinin Azərbaycana növbəti səfərinin də əlaqələrin inkişafına müsbət töhfə verəcəyinə əminliyini ifadə edib.
Çexiya Respublikasının sənaye və ticarət naziri Yan Mladek Azərbaycana səfərindən və ölkəmizlə əlaqələrin inkişafdan məmnunluğunu ifadə edib. Çexiyanın Azərbaycanla əlaqələrin inkişafında maraqlı olduğunu deyən Yan Mladek iqtisadiyyatın müxtəlif sahələrində əməkdaşlıq imkanları, çex şirkətlərinin Azərbaycanda qeyri-neft sektorunun müxtəlif sahələrində fəaliyyət göstərməkdə maraqlı olduqlarını diqqətə çatdırıb.