DÜNYA
Çexiya senatında yay vaxtına keçilməsi əleyhinə etirazlar artır
Bakı, 2 aprel (AZƏRTAC). Çexiyalı senator Petr Şilar hər il “yay vaxtı”na keçilməsi əleyhinə Avropa kampaniyasına rəhbərlik etməyi qərara almışdır. P.Şilar Avropa Şurasının yeddi ölkəsində imza toplayacaqdır. Məqsəd ümumilikdə bir milyon imza toplamaqdır. Onda Avropa Komissiyası “yay vaxtı”nın ləğvi məsələsini müzakirə etməyə məcbur olacaqdır.
P.Şiları Çexiya Elmlər Akademiyasının sədri Qelena İllnerova da müdafiə edir. O, yay vaxtına keçidin insan orqanizminə mənfi təsiri ilə bağlı xeyli sübut toplamışdır. Həmin məlumatlara əsasən, yay vaxtına keçiddən sonrakı həftə ərzində infarktların və istehsalat travmalarının sayı artır. Demək olar ki, bütün insanlarda müvəqqəti olaraq (təxminən bir həftə) yuxu pozğunluğu yaranır.
Pərvanə Qarayeva
AZƏRTAC-ın xüsusi müxbiri
Praqa