DÜNYA
Çexiya Ukrayna ilə sərhəddə NATO-nun yeni bölməsinə komandanlığı öz üzərinə götürəcək
Praqa, 17 mart, AZƏRTAC
Çexiya Senatı 62 mümkün səsdən 61-ini toplamaqla, ölkənin təqribən 650 hərbçisinin Slovakiyanın Ukrayna ilə birbaşa təmasda olan şərq sərhədinə göndərilməsini təsdiq edib.
AZƏRTAC xəbər verir ki, parlamentin Yuxarı Palatası döyüşçüləri NATO-nun formalaşdırılan yeni bölməsinin heyətinə göndərib. Ümumilikdə 2000 nəfər şəxsi heyətdən ibarət olacaq yeni birləşmənin vəzifəsi Ukraynada hərbi əməliyyatlar fonunda Şimali Atlantika blokunun şərq sərhədlərində NATO-nu gücləndirməkdir. Bu 2000 hərbçi AFR, Polşa, Sloveniya, Niderland və ABŞ-dan olan əsgərlərdir. Bölməyə komandanlığı Çexiya öz üzərinə götürəcək.
İndi Senat tərəfindən qəbul edilən qərarı ölkə parlamentinin Aşağı Palatası bəyənməlidir. Aşağı Palata bu məsələyə gələn həftə baxacaq.
Pərvanə Qarayeva
AZƏRTAC-ın xüsusi müxbiri
Praqa