DÜNYA
Çexiyada minimum əmək haqqı hələ ki, əvvəlki səviyyədə qalacaqdır
Praqa, 25 iyun (AZƏRTAC). Çexiya hökuməti minimum əmək haqqının artırılması barədə əmək naziri Lüdmila Müllerovanın təklifinə baxmayacaqdır. Nazir bu təklifi bugünkü görüşdə irəli sürmüşdür. Görüşdə prezident Zeman, baş nazirin vəzifələrini icra edən Petr Neças, habelə işəgötürənlərin və işçi həmkarlar ittifaqlarının nümayəndələri iştirak etmişlər. Nazir minimum əmək haqqının 500 krona artırılmasını təklif etmişdir. Əgər hökumət bu qərarı təsdiq etsə, minimum əmək haqqı 8500 krona ola bilər. Bu təklif prezident Zeman tərəfindən də bəyənilmişdir. Petr Neças demişdir ki, əvvəlki hökumət belə məsələləri həll edə bilmir və bu, artıq gələcək hökumətin işidir. Ölkədə minimum əmək haqqı 2007-ci ildən artırılmamışdır.
Pərvanə Qarayeva
AZƏRTAC-ın xüsusi müxbiri
Praqa