ELM VƏ TƏHSİL
Çexiyalı alimlər Bakı Slavyan Universitetində
Bakı, 13 oktyabr, AZƏRTAC
Oktyabrın 13-də Bakı Slavyan Universitetinin (BSU) rektoru professor Asif Hacıyev Çex Respublikasının Mendel Kənd Təsərrüfatı və Meşə Sənayesi Universitetinin nümayəndə heyəti ilə görüşüb.
Universitetdən AZƏRTAC-a bildiriblər ki, A.Hacıyev rəhbərlik etdiyi ali təhsil ocağının yaranma tarixi, tədris prosesi, 2010-cu ildən etibarən fəaliyyət göstərən Çex Dili və Mədəniyyəti Mərkəzi, bu dilin tədrisi, eyni zamanda BSU-nun Şərqi Avropa, Slavyan ölkələri ilə sıx əməkdaşlığı barədə məlumat verib. Rektor BSU nəzdində fəaliyyət göstərən Məktəb-Lisey Kompleksi, universitetin elmi fəaliyyəti, dərc olunan jurnallar və tərcümə sahəsindəki uğurlarından da söz açıb.
Mendel Universitetinin beynəlxalq əlaqələr və regionşünaslıq fakültəsinin dekanı, professor Libor Qreqa fəaliyyət göstərdiyi universitetin təhsil sahəsindəki uğurlarından danışıb. BSU-da çex dili və mədəniyyətinə göstərilən diqqətdən, slavistika istiqamətində kadr hazırlığı və bu sahədə elmi araşdırmaların inkişafından razılığını dilə gətirib. Qonaq Bakı Slavyan Universiteti ilə əməkdaşlıq əlaqələrini genişləndirməkdə maraqlı olduqlarını bildirib.
Görüşdə Çexiyada Azərbaycan dili və mədəniyyətinin tədrisi, əməkdaşlığın gələcək perspektivləri, habelə hər iki universitet arasında professor-müəllim və tələbə mübadiləsi barədə müzakirələr aparılıb. Sonda qonaqlar Bakı Slavyan Universitetində Çex Dili və Mədəniyyəti Mərkəzi ilə tanış olublar.