SİYASƏT
ÇEXİYANIN XARİCİ İŞLƏR NAZİRLİYİ AZƏRBAYCANDA PREZİDENT SEÇKİLƏRİ İLƏ BAĞLI BƏYANAT YAYMIŞDIR
AZƏRTAC xəbər verir ki, Çexiyanın Xarici İşlər Nazirliyi Azərbaycanda prezident seçkiləri ilə bağlı bəyanat yaymışdır. Bəyanatda deyilir ki, Çexiya XİN Azərbaycanda prezident seçkilərinin sakit gedişini yüksək dəyərləndirir, hakimiyyət institutlarının demokratik seçkilər sahəsində beynəlxalq standartlara cavab vermək səylərini alqışlayır.
Çexiya xarici siyasət idarəsi ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosunun, Avropa Şurası Parlament Assambleyasının, Avropa Parlamentinin və digər beynəlxalq qurumların müşahidəçilərinin seçkilərlə bağlı bəyanatlarında vurğulanan nəzərəçarpan irəliləyişi Azərbaycanda demokratiyanın və azad cəmiyyətin inkişafı yolunda daha bir mühüm addım hesab edir.
Bəyanatda deyilir ki, Çexiya XİN Azərbaycanın siyasi inkişafını, islahatların gedişini və sürətli iqtisadi yüksəlişini diqqətlə izləyir, iki ölkə arasında qarşılıqlı əlaqələrin maksimum dərəcədə intensivləşdirilməsinə hazırdır. Nazirlik, həmçinin qarşılıqlı surətdə faydalı tərəfdaşlığın genişlənməsinin Azərbaycan ilə Çexiya arasında əlaqələrin daha da inkişafına xidmət edəcəyinə əmindir.