Çimərlik mövsümü başlanır
Bakı, 1 iyun (AZƏRTAC). İyunun 1-də Fövqəladə Hallar Nazirliyinin (FHN) Dövlət Sularda Xilasetmə Xidmətinin (DSXX) “Zuğulba-1” xilasetmə məntəqəsində çimərlik mövsümünün başlanması ilə əlaqədar tədbir keçirilmişdir.
AZƏRTAC xəbər verir ki, tədbirdə fövqəladə hallar nazirinin müavini, tibb xidməti general-leytenantı Faiq Tağızadə, Xəzər Rayon İcra Hakimiyyətinin, FHN-in qurumlarının nümayəndələri iştirak etmişlər.
Diqqətə çatdırılmışdır ki, hər il olduğu kimi, bu il də DSXX Azərbaycanın su hövzələrində, çimərliklərində və kütləvi istirahət yerlərində insanların sularda təhlükəsizliyinin qarantı olaraq qalır. DSXX vətəndaşların həyatının qorunması üçün qarşıya qoyulmuş tələb və tapşırıqları, tabeliyindəki 42 struktur bölmənin və mövsümi fəaliyyət göstərən xilasetmə postlarının vasitəsilə həyata keçirir. 2005-ci ildən indiyədək suda batmaq təhlükəsi ilə üzləşmiş 2 min 635 nəfər vətəndaş Xidmətin xilasediciləri tərəfindən xilas edilmiş, qeyri-çimərlik ərazilərində isə müxtəlif səbəblərdən batmış 487 nəfərin cəsədi tapılaraq hüquq mühafizə orqanlarına təhvil verilmişdir.
Bildirilmişdir ki, çimərliklərdə və kütləvi istirahət yerlərində insanların sularda təhlükəsizliyinin təmin olunması qarşıya əsas vəzifə kimi qoyulmuşdur. DSXX bu istiqamətdə öz işini səmərəli təşkil edir. Çimərliklərdə insanların rahatlığı və təhlükəsizliyi ilə bağlı ciddi tədbirlər görülür. Çimərlik mövsümü başlayanda vətəndaşlarla maarifləndirmə işləri aparılır. Xidmət müasir texnika və avadanlıqla təchiz olunmuş, xilasetmə məntəqələri üçün inzibati binalar tikilmiş, xilasedicilərin işləməsi üçün hər cür şərait yaradılmışdır.
Tədbir iştirakçıları DSXX-nin müasir xilasetmə avadanlığı, texnikaları və digər cihazları ilə tanış olduqdan sonra dənizdə şərti boğulan şəxslərin xilas olunması əməliyyatı keçirilmişdir.
Dövlət Sularda Xilasetmə Xidmətinin təbliğat və təşkilat sektorunun müdiri Mənsur Piriyev jurnalistlərə bildirmişdir ki, xidmət 2012-ci ilin yay çimərlik mövsümünə tam hazırdır. Xidmət özünün 40-dan çox yerli bölməsi ilə fəaliyyət göstərir. Bu məntəqələr Xəzər dənizinin 825 kilometr sahil zolağında və ölkənin digər çay, göl və su anbarlarının sahillərində yerləşir. Çimərlik mövsümündə suda boğulma hallarının demək olar ki, hamısı qeyri-çimərlik ərazilərində baş verir. Biz bu il yerli icra orqanları ilə birgə qeyri-çimərlik ərazilərində nəzarəti gücləndirmişik. Vətəndaşlar qeyri-çimərlik ərazilərində istirahət etməməlidirlər.
Hazırda məntəqələrdə DSXX-nin 400-dən artıq şəxsi heyəti, 100-dən artıq müasir texnikası fəaliyyət göstərir.