ÇİN CORABLARI ABŞ BAZARINI SARSIDIR
ABŞ İqtisadiyyat Nazirliyi yanında toxuculuq sənayesində sazişlərin həyata keçirilməsi üzrə İdarələrarası Komitənin bəyanatında deyilir ki, Çindən corab idxalı ölkənin bazarını sarsıdır və onun sabitliyinin pozulmasına doğru aparır.
Komitə ikitərəfli saziş hazırlanması üçün yaxın vaxtlarda Çin istehsalçıları ilə birbaşa danışıqlara başlamağı planlaşdırır. Nəzərdə tutulur ki, yeni kvotalara uyğun olaraq, Çin Xalq Respublikasından Birləşmiş Ştatlara corab idxalının həcmi 6-7,5 faiz azaldılacaqdır.
Assoşieyted Press xatırladır ki, 2002-ci ildə Çin ABŞ-a 69,6 milyon cüt corab ixrac etmişdi. 2003-cü ildə ixracın həcmi 265 milyon cüt olmuşdur. Çox ehtimal ki, bu il Çin okeanın o tayına corab ixracını daha da artıracaqdır.
Lakin, deyəsən, məsələ təkcə corabla bitməyəcəkdir. Belə ki, ABŞ sənayeçiləri prezidentdən xahiş edəcəklər ki, Çindən gətirilən digər geyimlərə də kvota qoyulması haqqında sərəncam versin. Misal üçün, noyabrın 1-də, yəni prezident seçkilərinə bir gün qalmış C.Buş hökuməti Çindən şalvar idxalının məhdudlaşdırılması məsələsinə baxacaqdır.