DÜNYA
Çin ilk 5G peykini orbitə çıxarıb
Pekin, 16 yanvar, AZƏRTAC
Çinin “GalaxySpace” şirkətinə məxsus ilk özəl 5G peyki orbitə çıxarılıb.
AZƏRTAC xəbər verir ki, çəkisi 200 kiloqram olan peyki Yerin aşağı orbitinə bərk yanacaqla işləyən “Kuaizhou 1A” raketdaşıyıcısı aparıb. Raketin buraxılışı Qobi səhrasındakı Cuiçuan kosmodromundan yanvarın 16-da yerli vaxtla saat 11:02-də (Bakı vaxtı ilə 07:02) baş tutub.
“GalaxySpace 1” Çinin aşağı orbitdəki ən güclü peyki olmaqla yanaşı, sürətli məlumat ötürmə imkanlarına malik, 5-ci nəsil mobil rabitə şəbəkəsini dəstəkləyən ilk peyk hesab olunur. Saniyədə 10 Giqabit məlumat ötürmək imkanına malik olan peyk bir neçə diapozonu istifadə edə bilər. Orbitdə planlaşdırılan nöqtədə yerini alan peyk bir neçə texnoloji sınaqdan sonra istifadəyə veriləcək.
Şirkət aşağı orbitdə genişzolaqlı peyk qruplaşdırılmasını qurmaq və 5G qlobal rabitə şəbəkəsini yaratmaq niyyətindədir.
Şahin Cəfərov
AZƏRTAC-ın xüsusi müxbiri
Pekin