DÜNYA
Çin transplantasiya üçün orqanların tətbiqini məhdudlaşdıracaqdır
Bakı, 23 noyabr (AZƏRTAC). Sinxua Agentliyi Səhiyyə Nazirliyinin nümayəndəsinə istinadən xəbər verir ki, Çin transplantasiya üçün edam olunmuş cinayətkarların orqanlarından istifadə edilməsini məhdudlaşdıracaqdır.
Xəbərdə deyilir: Edam olunmuş cinayətkarların orqanlarından istifadə edilməsinin məhdudlaşdırılması iki il bundan əvvəl ÇXR-də həyata keçirilməyə başlanmış könüllü orqan donorluğu proqramının uğurları ilə bağlıdır.
Bu proqram Çində Qırmızı Xaç Cəmiyyətinin dəstəyi ilə Çinin Səhiyyə Nazirliyi tərəfindən yaradılmışdır. Rəsmi məlumata görə, 2010-cu ilin martından 2012-ci ilin sentyabrınadək əməliyyata ehtiyacı olanlar könüllü donorlardan 1279 orqan almışlar.
Reuters Agentliyi Səhiyyə Nazirliyinə istinadən xəbər verir ki, hər il təqribən 1,5 milyon çinlinin köçürmə orqana ehtiyacı olur, lakin yalnız 10 min adam lazımi orqan əldə edə bilir. Belə hesab olunur ki, bu orqanların əsas hissəsi edam olunacaq cinayətkarlardan götürülür.
Hüquq müdafiəçiləri Çin hökumətini transplantasiya üçün edam olunmuş cinayətkarların orqanlarından qanunsuz, xüsusən edam olunacaq şəxsin özünün, habelə onun qohumlarının və yaxınlarının qabaqcadan razılığını almadan istifadə etməkdə ittiham edirlər. Çin hökuməti bu ittihamları rədd edir.
KİV-lər həmçinin xəbər verir ki, çox vaxt edam olunmuş çinlilərin orqanlarını xarici vətəndaşlar alırlar. Onlar ÇXR-də lazımi orqanı öz vətənlərində olduğundan xeyli ucuz ala bilirlər.
2007-ci ildə Çində xəstənin ailə üzvləri, o cümlədən əri (arvadı), habelə övladlığa götürdüyü şəxslər istisna olmaqla diri donorların orqanlarının transplantasiyasını qadağan etmişlər. Qanunvericiliyə görə, orqanın qanunsuz götürülməsi qətlə bərabər sayıla bilər.