Çində 6,9 bal gücündə zəlzələ olub VİDEO
Pekin, 8 yanvar, AZƏRTAC
Çinin şimal-qərbindəki Çinhay vilayətində 6,9 bal gücündə zəlzələ olub.
AZƏRTAC Çin Seysmologiya Mərkəzinin məlumatına istinadla xəbər verir ki, yeraltı təkanlar Menyüən rayonu ərazisində gecə saat 1:45-də qeydə alınıb. Zəlzələ ocağı vilayətin paytaxtı olan Sinin şəhərindən 136 kilometr məsafədə, Yer səthindən 10 kilometr dərinlikdə olub. Zəlzələdən sonra 4,1, 3 və 5,1 bal gücündə afterşoklar qeydə alınıb. Yeraltı təkanlar qonşu Qansu və Şansi vilayətlərində, Ninsia Huy muxtar bölgəsində də hiss olunub.
Vilayət hökumətinin qərarı ilə hadisə yerinə 169 texnika, xeyli sayda mülki müdafiə qüvvələri, sakinlərin təcili ehtiyacları üçün ləvazimat göndərilib.
Son məlumata əsasən, insan tələfatı qeydə alınmasa da, inzibati və yaşayış binalarına, kommunikasiya xətlərinə ziyan dəyib. Bəzi fərdi evlər yararsız hala düşüb.
Şahin Cəfərov
AZƏRTAC-ın xüsusi müxbiri
Pekin