DÜNYA
Çində 7-ci Dünya İnternet Konfransı işə başlayıb
Pekin, 23 noyabr, AZƏRTAC
Çinin Cıcian vilayətinin Ucen şəhərində 7-ci Dünya İnternet Konfransı - İnternet İnkişaf Forumu işə başlayıb.
AZƏRTAC xəbər verir ki, "Daha yaxşı gələcək üçün rəqəmsal imkanlar: kiberməkanda ümumi gələcək yaratmaq" devizi ilə keçirilən tədbir adından da göründüyü kimi rəqəmsal texnologiyaların iqtisadiyyatın bütün sahələrində səmərəli tətbiqi ilə bağlı məsələlərin müzakirəsinə həsr olunub. Konfrans 2 əsas və 5 köməkçi forumdan, habelə sərgi, onlayn və oflayn formada təşkil olunun digər tədbirlərdən ibarətdir.
Forumlarda dövlət rəsmiləri, beynəlxalq ekspertlər, nüfuzlu şirkətlərin nümayəndələri, alimlər kiberməkanın inkişafında yeni trendlər, kiberməkanın beynəlxalq normaları, sənaye interneti, süni intellekt və elmə əsaslanan COVID-19 mübarizə tədbirləri barədə çıxışlar edirlər.
Tədbirin gedişində Çinin və dünyanın qlobal internet inkişafına dair hesabatlar açıqlanacaq.
Şahin Cəfərov
AZƏRTAC-ın xüsusi müxbiri
Pekin