CƏMİYYƏT
Çingiz Hüseynzadə: Biz bütün idman növlərində qəhrəmanlarımız haqqında film çəkməliyik və xalqa göstərməliyik
Bakı, 29 avqust, AZƏRTAC
Son dövrlərdə Azərbaycanda bizim ənənəvi sevimli güləş, cüdo idman növləri ilə yanaşı, başqa idman növləri də inkişaf etməyə başlamışdır. Onlardan biri də əlbəttə ki, velosiped idmanıdır.
Bu gün tamaşaçılara təqdim olunan film bizim ən yaxşı velosipedçimiz Tokio Olimpiya Oyunlarının iştirakçısı, Şuşa turunun qalibi Elçin Əsədova həsr olunub.
AZƏRTAC xəbər verir ki, bunu Azərbaycan Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə jurnalistlərə müsahibəsində söyləyib.
Çingiz Hüseynzadə qeyd edib ki, bu film federasiyanın səyi nəticəsində ərsəyə gəlib. “Ümid edirəm ki, belə tədbirlər Azərbaycanda idmanın inkişafına dəstək olacaq. Bütün idman növlərində biz öz qəhrəmanlarımızı çəkməliyik və xalqa göstərməliyik. Bugünkü tədbirə də məhz bu məqsədlə toplaşmışıq. İlk növbədə, mən bu filmi yaradanlara, federasiyanın rəhbərliyinə, filmin qəhrəmanına təşəkkürümü bildirmək istəyirəm.
Ümumiyyətlə, Azərbaycan idmanının inkişafında əməyi olan hər kəsə öz minnətdarlığımı ifadə edirəm. Əminəm ki, belə tədbirlərə bundan sonra biz tez-tez toplaşacağıq”, - deyə o vurğulayıb.