SİYASƏT
ÇİNGİZ MUSTAFAYEV FONDU VƏ ANS ŞİRKƏTLƏR QRUPU 2002-Cİ İLDƏ OLDUĞU KİMİ, 2003-CÜ İLDƏ DƏ HEYDƏR ƏLİYEVİ “İLİN ADAMI” ELAN ETMİŞDİR
Çingiz Mustafayev Fondunun və ANS şirkətlər qrupunun prezidenti Vahid Mustafayev AZƏRTAC-a bildirmişdir ki, Heydər Əliyev mövzusu 2003-cü ildə də ən aktual mövzu olmuşdur. Bildiyiniz kimi, ötən il Heydər Əliyev üçün çox ağır keçdi. İlin ilk 3 ayını özünəməxsus intensiv iş rejimində başlayan Prezident Heydər Əliyev Cəmşid Naxçıvanski adına hərbi litseyin lubileyi münasibətilə Respublika sarayında keçirilən mərasimdə iki dəfə müvazinətini itirdi. Amma səhhətində yaranmış olduqca ciddi problemə baxmayaraq, sonradan ona həyatı bahasına başa gələcək riskə getdi və hər iki dəfə səhnəyə qayıtdı, öz nitqini tamamladı. Heydər Əliyev bir Ali Baş Komandan olaraq, Azərbaycan əsgər və zabiti qarşısında əsl yenilməzlik nümayiş etdirdi. Tam yəqinliklə demək olar ki, bu hadisə zamanı sarayda özünü itirməyən yox idi. Hökumət üzvlərindən tutmuş, tədbirin ən sıravi iştirakçısınadək hamı böyük çaşqınlıq içərisində idi. Heydər Əliyevin o anda nümayiş etdirdiyi soyuqqanlılıq isə onu özünü itirməyən yeganə insan kimi xarakterizə edir. Onun xalqda nigaranlıq və dövlətdə çaşqınlıq yaranmasın deyə, iki dəfə geri qayıdaraq nitqini tamamlaması, sözün əsl mənasında, fədakarlıq idi. Çingiz Mustafayev adına Fond və ANS şirkətlər qrupu Heydər Əliyevi “İlin adamı” elan edərkən onun bu addımını DÖVLƏT VƏ XALQ NAMİNƏ FƏDAKARLIQ KİMİ qiymətləndirmişdir.
Çingiz Mustafayev adına Fondun və ANS şirkətlər qrupunun önəm verdiyi digər amil isə birbaşa Heydər Əliyevin vəfatı faktı ilə bağlıdır.
Biz bu faktı XALQIN SIX BİRLİYİNİ mümkün edən amil kimi dəyərləndirmişik. Amma bu heç də yalnız xalqın rəhbərə münasibətinin, uzun müddət ona başçılıq etmiş səxşlə ləyaqətlə vidalaşmasının nümunəsi deyil. Heydər Əliyevin vəfatı, əslində, onun ömrünün, dövlətə və vətəndaşa xidmətinin davamıdır. İstər dəfn mərasimi, istərsə də Fəxri xiyabanda onun məzarı önündə hər gün davam edən insan axını məhz onun fəaliyyətinin nəticəsidir.
Heydər Əliyevin “İlin adamı” elan olunmasına əsas verən üçüncü səbəb onun DAVAMLI SİYASİ SABİTLİK FORMALAŞDIRA BİLMƏSİDİR. Bu sabitlik Konstitusiya çərçivəsində hakimiyyətin varisliyinin baş verməsini, yeni prezident seçkilərinin uğurla keçirilməsini, ortaya çıxan problemlərin qanunların aliliyi əsasında aradan qaldırılmasını özündə birləşdirir.
Heydər Əliyevin “İlin adamı” tituluna dalbadal ikinci dəfə layiq görülməsinin bir səbəbi də onun ÖZÜNDƏN SONRA DA MÜKƏMMƏL İŞLƏYƏ BİLƏN DÖVLƏT MEXANİZMİ YARATMAĞA MACAL TAPMASIDIR. O, Azərbaycanda olmadığı dövrdə xalqı onsuz da yaşamağın və dövlətin Heydər Əliyevsiz də mövcud olmasının mümkünlüyünə inandırdı. Beləliklə, Heydər Əliyev yenidən “İlin adamı”dır. Diplomun təqdimat mərasiminin günü və yeri barədə əlavə məlumat verəcəyik.