DÜNYA
Çingiz xanın qəbrinin İssık-Kul gölünün dərinliklərində olduğu ehtimal edilir
Bişkek 25 mart (AZƏRTAC). Qırğızıstan mətbuatının yazdığına görə Çingiz xanın qəbrinin İssık-Kul gölünün dərin qatlarında olduğu ehtimal edilir.
Məqalədə deyilir ki, Tyan-Şan dağlarının arasında, dəniz səviyyəsindən 1600 metr yüksəklikdə olan İssık-Kul gölü turistlərlə bərabər xəzinə axtaranları da özünə cəlb edir. Əfsanəyə görə gölün dərinliyində zəngin xəzinə gizlədilmişdir. Çingiz xanın qəbrinin də burada olduğu haqqında fikirlər mövcuddur. Çingiz xan Monqolustanın Ordos şəhərində dəfn edilsə də, bir çox alimlər bunun həqiqəti əks etdirmədiyi qənaətindədirlər. Onların fikrincə Çingiz xan vəfat etdikdən sonra onun nəşini böyük bir xəzinə ilə İssık-Kula gətirmişlər. Fərziyyəyə görə Çingiz xanın oğlu Cığatay dünyada ən möhkəm ağac olan arçadan tabut hazırlatdırmış, bir müddət onu mağarada saxlamış, sonra isə ləl-cavahiratlarla birlikdə İssık-Kulun sularında batırmışdır.
Bir sıra alimlər 1218-ci ildə Çingiz xanın ordusundan qaçan 20 dəvə yükündə olan qiymətli əşyalardan ibarət xəzinənin də İssık-Kulun dərin qatlarında olduğu qənaətindədirlər. Göldə batmış şəhərlərin olduğu haqqında elmi fikirlər də mövcuddur.
Arxitektorlar gölün sahillərində 2 min il bundan əvvəlki dövrə aid çoxlu tikililər aşkar etmişlər.
Materialda deyilir: “Təəssüf ki, sualtı abidələr indiyədək tədqiq edilməmişdir. Elm aləmində “Mərkəzi Asiyanın Atlantidası”, “Böyük İpək Yolunun açılmamış sirri” adlandırılan İssık-Kul gölü öz dərinliklərində bəlkə də qədim şəhər və qalaların sirrini saxlayır”.
Qulu Kəngərli
AZƏRTAC-ın xüsusi müxbiri
Bişkek