DÜNYA
Çinli həkimlər delfinin mədəsindən voleybol topunu çıxarmışlar
Bakı, 25 yanvar (AZƏRTAC). AZƏRTAC Lenta.ru saytına istinadla bildirir ki, çinli həkimlər voleybol topunu udmuş delfin üzərində tibbi əməliyyat aparmışlar. Oyun topu delfinin mədəsinə Nankindəki delfinariyada heyvanın yaşadığı hovuzda düşmüşdür. Bir neçə gün delfin mədəsindəki adət etmədiyi əşya ilə yaşamalı olmuşdur.
Əvvəlcə bir neçə könüllü tamaşaçı topu delfinin mədəsindən əllə çıxarmaq istəmişsə də, bu, mümkün olmamışdır. Ona görə də delfinariyanın əməkdaşları axırda kömək üçün tibb işçilərinə müraciət etmişlər. Həkimlər beşyaşar heyvanı Nankin Tibb Universitetinə aparmış və orada əməliyyat keçirmişlər.
Əvvəlcə əməliyyat prosesinə cəmi yarım saat vaxtın tələb olunacağını bildirən tibb işçiləri əslində bu işə üç saat sərf etmişlər. Onlar əməliyyat prosesində, nəzərdə tutulmayan çətinliklə üzləşmişlər: mədədəki topun havasını boşaldıb onu xüsusi cihazla çıxarmaq istəyərkən son anda proses pozulmuş və sonradan bu prosesə xeyli əlavə vaxt lazım gəlmişdir. Nəhayət ki, son nəticədə, ikinci cəhddə topu çıxarmaq mümkün olmuşdur.
Hazırda delfinin həyatı üçün heç bir təhlükə yoxdur. Heyvan yenə də öz hovuzunda üzməkdədir. Lakin əməliyyatdan sonra onun sağlamlığının tam bərpa olunması üçün uzun müddət lazım gələcəkdir.