ÇİNLİLƏR ŞİMŞƏYİ TUTMAĞI ÖYRƏNMİŞLƏR
AZƏRTAC xəbər verir ki, çinli alimlər elmi və sənaye məqsədləri ilə şimşəyin enerjisindən istifadə texnologiyasını işləyib hazırlamışlar. Atmosfer Fizikası İnstitutunun əməkdaşı Se Süşu jurnalistlərə demişdir: “Yeni texnologiya şimşəyi havada tutmağa, onu tədqiqatlar və istifadə üçün yerdəki kollektorlara göndərməyə imkan verir”.
Şimşəyin tutulması üçün xüsusi ildırım sipərləri ilə təchiz edilmiş raketlərdən istifadə ediləcək. Onları ildırım buludunun mərkəzinə buraxacaqlar. “YL-1” raketi şimşək çaxmasından bir neçə dəqiqə əvvəl start götürməlidir. Aparatın yaradıcıları bildirmişlər: “Yoxlamalar göstərmişdir ki, raketlərin buraxılmasının dəqiqliyi 70 faizdir”. İldırım enerjisindən, habelə onun buraxdığı elektromaqnit şüalarından kənd təsərrüfatı məhsullarının gen modifikasiyası və yarımkeçiricilərin istehsalında istifadə olunacaqdır. Bundan başqa, yeni texnologiya şimşəkdən dəyən iqtisadi zərəri xeyli azaltmağa imkan verəcəkdir, çünki enerjisi boşalmış şimşək təhlükəsiz yerlərə yönəldiləcəkdir. Statistikaya əsasən, ÇXR-də ildırım vurmasından hər il təqribən min nəfər həlak olur, iqtisadi ziyan isə ildə 143 milyon dollara çatır.
Tədqiqatçılar ildırımlardan energetikada istifadə üsullarını da tapmağa çalışırlar. Alimlərin məlumatına görə, ildırımın hər çaxması zamanı milyardlarla kilovat elektrik enerjisi istehsal edir. Bütün dünyada hər saniyə 100 şimşək çaxır ki, bu da son dərəcə böyük həcmdə elektrik enerjisi mənbəyidir.