İDMAN
Con Bencamin Toşak: “Xəzər-Lənkəran”a gəlmək təklifi mənim üçün yeni çağırış oldu
Bakı, 18 mart (AZƏRTAC). Karyeram ərzində çalışdırdıqlarım klublar daha çox kuboklar qazanmışam. Mənim üçün Azərbaycan kubokunun qazanılması da maraqlı olardı.
AZƏRTAC xəbər verir ki, bu sözləri “Xəzər-Lənkəran” futbol klubunun yeni baş məşqçisi Con Bencamin Toşak keçirilən mətbuat konfransında demişdir.
“Xəzər-Lənkəran”a gəlməsi haqqında suala cavab verərkən məşqçi qeyd etmişdir ki, onunla “Beşıktaş” klubunun rəhbəri əlaqə saxlayaraq komandamızın fəxri prezidenti Mübariz Mənsimovla görüşməyi məsləhət görmüşdür. Vurğulamışdır ki, bundan əvvəl mən Uels yığması ilə 2 dəfə Azərbaycanda olmuşam və bu ölkə mənə tanışdır. “Xəzər-Lənkəran”a gəlmək təklifi mənim üçün yeni çağırış oldu.
Planlarından danışan çalışdırıcı demişdir: “Mən hələ ki tək gəlmişəm. İstəyirəm gedim Lənkərana, oradakı vəziyyəti gözlərimlə görüm, ondan sonra bizə nə lazım olduğunu özüm üçün müəyyənləşdirim. Mən hələ komandanı görməmişəm, odur ki, hansı taktikaya üstünlük verəcəyimiz haqda danışmağım hələ tezdir. Komanda üzvləri ilə tanışlıqdan sonra bununla bağlı müəyyən qərarlar verə bilərəm. Taktikanı oyunçulara uyğun qurmaq lazımdır”.
Con Bencamin Toşak bildirmişdir ki, mən 35 illik karyeram ərzində 7 ölkədə işləmişəm və həmişə yerli məşqçilərlə işləməyə üstünlük vermişəm. Çox güman ki, bu dəfə də istisna olmayacaqdır. Yerli məşqçilər məni Azərbaycan futbolu ilə tanış edərlər, eyni zamanda məndən də nə isə öyrənərlər. Hələ ki mən heç kəsi gətirməmişəm.